XOCALI SOYQIRIMI

1992-ci il fevralın 15-də axşam erməni hərbi birləşmələri keçmiş SSRİ-nin Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayının ağır hərbi texnikasının dəstəyilə Xocalıya hücuma keçdilər. Artilleriya silahlarından, ağır hərbi texnikadan açılan aramsız atəşlə müşayiət olunan hücum nəticəsində Xocalı mühasirəyə düşdü, yanğınlar başlandı. Fevralın 26-sı səhər şəhər alova bürünmüşdü. Həmin vaxt şəhərdə olan təqribən 2 min 500 nəfərə yaxın əhali məcburi şəkildə öz ev-eşiklərini ataraq Ağdama doğru hərəkət etdi. Lakin şəhəri tərk etmək hamıya nəsib olmadı. Erməni hərbi birləşmələri 366-cı alayın köməyilə dinc əhaliyə qarşı xüsusi qəddarlıqla cəza tədbirləri həyata keçirdi. Ermənilər 613 nəfər azərbaycanlını vəhşicəsinə qətlə yetirdilər. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi. 8 ailə bütövlükdə qətlə yetirildi. 487 nəfər yaralandı. Yaralananların 76 nəfəri uşaq idi. Girov götürülənlərin sayı 1275 nəfər təşkil edir. 150 nəfərin aqibətindən isə hələ də xəbər-ətər yoxdur. Dövlətə və vətəndaşlara külli miqdarda - 5 milyard rubl dəyərində ziyan vuruldu (01.04.1992-ci ilin qiymətləri ilə). XX əsrin genosid və etnik təmizləmələr tarixində qanlı səhifələrdən biri də Xocalı soyqırımıdır. Həmin hadisə ilə bu və ya başqa cür əlaqəsi olan adamlar, hələ ki, öz vicdanları qarşısında məs`uliyyət daşıyırlar. Lakin vaxt gələcək onlar tarixin məhkəməsi qarşısında dayanacaqlar. Çünki tarix heç nəyi unutmur.

Copyright © by Lider Media Holding,2001-2007
E-mail:mail@media-az.com